REGİONLAR


Gəncədəki baramaçılıq laboratoriyasında 82 cins ipəkqurdu yetişdirilir VİDEO

Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında baramaçılığın inkişafı üzrə verdiyi tapşırıqlar nəinki bu sahənin istehsalçıları, eləcə də müxtəlif elmi-tədqiqat müəssisələrində çalışan aqrar mütəxəssislər qarşısında həlli vacib məqsədlər qoyub.

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Eksperimental Gəncə Bazasının nəzdində fəaliyyət göstərən baramaçılıq laboratoriyasının müdiri Turanə Məmmədova AZƏRTAC-a bildirib ki, hazırda 16 mütəxəssisin çalışdığı müəssisədə 82 cins ipəkqurdu yetişdirilir və onlar üzərində seleksiya işləri aparılır.

Yerli ipəkqurdu cinsinin yetişdirilməsində isə institutun ərazisindəki 8 hektarlıq sahədə salınan çəkilliklərdən yem bazası kimi istifadə olunur.

Daha yeni cins ipəkqurdlarının seleksiyasını aparmaq üçün institutun çəkilliklərinin mühafizəsinə və artırılmasına ehtiyac olduğunu deyən Turanə Məmmədova bildirib ki, hazırda laboratoriyada 50 yerli, 32 xarici mənşəli cins ipəkqurdu mühafizə olunur. Baramalardan 6-sı müxtəlif rənglərdə, 76-sı isə ağ baramadır. Rəngli baramaların təbii rəngi texniki prosesdə davamsız olduğuna görə seleksiya işlərində daha çox ağ baramadan istifadə olunur. Rəngli baramalar isə bu cins qurdların genefondunun mühafizəsi və dekorativ məqsədlər üçün saxlanılır.

Elmi-tədqiqat laboratoriyasında aparılan seleksiya işlərindən danışan Turanə Məmmədova deyib ki, mütəxəssislər qarşısında duran əsas məsələ Azərbaycanın yerli ipəkqurdu cinslərini qorumaqla, bu sahədəki genefondu mühafizə etmək və müxtəlif cins qurdlar üzərində seleksiya işləri apararaq, daha yeni hibrid ipəkqurdu cinsləri yetişdirməkdir.

Uzun illər laboratoriyanın alimləri və mütəxəssislər tərəfindən aparılan seleksiya işləri nəticəsində yüksək məhsuldarlığa malik yerli cinslərin alındığını deyən Turanə Məmmədova qeyd edib ki, hazırda “Gəncə”, “Şəki-1”, “M-5 Bəxtiyar”, “Vətən”, “Yaşar”, “Çinar”, “Mayak-1” və digər yerli cinslər üzərində çarpaz seleksiya işləri aparılır.

Yerli və xarici ipəkqurdlarının fiziki məhsuldarlıq göstəricilərini bir-biri ilə müqayisə edən laboratoriya müdiri bildirib ki, yerli şəraitdə alınan hibrid qurd cinsləri xaricdən gətirilən qurdlarla təxminən eyni fiziki göstəricilərə malik olsalar da, yeni cinslər bir sıra bioloji və məhsuldarlıq göstəriciləri ilə daha üstündür. İstehsalçılara bu cinsləri yetişdirməyi təklif edən mütəxəssis qeyd edib ki, ölkəmizdə yetişdirilən hibrid barama cinsləri əlverişli şəraitdə ekoloji dözümlüyə malik olmaqla yanaşı, onun dirilmə və yaşama qabiliyyəti, həmçinin məhsuldarlığı da yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.