REGİONLAR
Gəncəlilər yas mərasimlərində israfçılığın qarşısının alınmasına tərəfdardırlar
AZƏRTAC xəbər verir ki, şəhər əhalisinin çoxsaylı müraciətləri nəzərə alınaraq yas mərasimlərində israfçılığın qarşısının alınması ilə bağlı din xadimlərinin və ağsaqqalların iştirakı ilə müzakirələr aparılıb.
Müzakirələr zamanı şəhər sakinlərinin fikrinin öyrənilməsi daha məqsədəuyğun hesab edilib. Sorğunun nəticələri zamanı məlum olub ki, yas mərasimlərinin dəbdəbəli keçirilməsi şəhər sakinlərini də narahat edir. Belə qərara gəlinib ki, artıq bu işə ciddi nəzarət edilməlidir.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev bu məsələ ilə bağlı deyir: ”Əvəllər Gəncədə hər bir məhəllənin özünün məscidi olub. İnsanlar imkan daxilində həmin məscidlərə yardımlar ediblər. Hər hansı şəxs vəfat edəndə isə yas mərasimləri məscidlər tərəfindən icra olunub. İndi isə bu məsələ ayrı-ayrı insanlar tərəfindən dəbdəbəyə çevrilib. Mənə belə gəlir ki, yas mərasimlərində israfçılığın aradan qaldırılmasının vaxtı çatıb”.
Hazırda Gəncədə yas mərasimlərinin şəriətə uyğun keçirilməsinə ictimai nəzarət gücləndirilib. Mərasimlərin yalnız sadə çay süfrəsi ilə 3 gün keçirilməsi və cümə axşamlarının ləğv edilməsi barədə razılığa gəlinib. Bu işə artıq şəhər ictimaiyyəti və ağsaqqallar tərəfindən ciddi nəzarət edilir.