REGİONLAR
Gəncənin Heydər Əliyev Park Kompleksində gölə buraxılmış yapon balıqları sürətlə çoxalır VİDEO
Gəncə, 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin Heydər Əliyev Park Kompleksində süni göldəki yapon sazan balıqlarının sayının artması səbəbindən onların bir hissəsinin digər su hövzələrinə köçürülməsi planlaşdırılır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Park Kompleksinin direktoru İlyas Məmmədov deyib.
Kompleksin direktoru bildirib ki, iki il bundan qabaq gölə 2 minə yaxın yapon sazan balığı buraxılmışdı. Sayı sürətlə artan bu al-qızılı balıqlar gölə gözəllik, insanlara isə mənəvi zövq verir. Hazırda 5 hektar ərazisi olan göldə sıxlıq yarandığından yaz aylarında həmin balıqların bir hissəsinin digər su hövzəsinə köçürülməsi planlaşdırılır.
O deyib ki, balıqlar münasib şərait olduqda sürətlə böyüyüb çoxalır. Belə ki, ev şəraitində saxlanan yapon sazanları akvariumun həcmindən asılı olaraq 8-25 santimetrədək, göllərdə 1 metrədək, okean sularında isə daha çox böyüyə bilir.
İlyas Məmmədov kompleksin ərazisində ikinci gölün yaradılmasının, yaxud mövcud gölün həcminin genişləndirilməsinin mümkün ola biləcəyini də vurğulayıb.