REGİONLAR


Gəncənin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının sonuncu mərhələsinin təməli qoyulub

Gəncə, 23 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsinin təməli qoyulub. Şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, “AzərAqrarTikinti” ASC-nin direktoru Bayram Həsənov və şəhər ictimaiyyəti iştirak edib.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirilib ki, Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini də əhatə edəcək layihənin birinci mərhələsindəki işlərə 2011-ci ilin avqust ayında başlanılıb. Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4 min kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə tikinti işləri 2014-cü ilin fevral ayında başa çatıb.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələdə 4 kilometr magistral kəmər, ümumi tutumu 12 min kubmetr olan 3 anbar və 6,9 kilometr anbarlararası xətt inşa edilib. 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb. Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 kilometr içməli su, 813 kilometr kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur.

Layihənin üçüncü mərhələsində 81 kilometr içməli su, 70 kilometr kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın sayğac quraşdırılıb. Hazırda şəhər əhalisinin təxminən 45 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alır.

Qeyd olunub ki, layihənin icrasından sonra Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək.

Gəncə şəhərində 315 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və şəhərin təqribən 45 faizini əhatə edir. Tullantı sutəmizləyici qurğu işləmədiyindən tullantı suları Samux rayonu ərazisindəki boş sahələrə axıdılır.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının seçildiyini deyən Elmar Vəliyev qeyd edib ki, Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Şəhərdə görülən bütün işlərin Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu deyən icra hakimiyyətinin başçısı vurğulayıb ki, layihənin 3-cü mərhələsi 3 ay müddətində yekunlaşacaq və şəhərin 30-a yaxın küçəsi asfaltlanacaq.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov layihənin birinci və ikinci mərhələlərinin artıq başa çatdığını bildirərək qeyd edib ki, növbəti mərhələdə Gəncədə təxminən 80 min abonent içməli su ilə təmin olunacaq.

Etibar Məmmədov vurğulayıb ki, bu mərhələ çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının, 195 kilometr içməli su, 144 kilometr kanalizasiya şəbəkəsinin, 41 kilometr kollektorun və 2,3 kilometr mikrotunelin inşası nəzərdə tutulur.

“AzərAqrarTikinti” ASC-nin direktoru Bayram Həsənov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında məlumat verib. Bayram Həsənov layihənin bu mərhələsinin 30 ay müddətində nəzərdə tutulmasına baxmayaraq, 24 aya tam keyfiyyətlə təhvil verəcəklərini deyib.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Gəncə sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirərək, Nizami yurdunda həyata keçirilən sosial infrastruktur layihələrindən söz açıb.

Sonda layihənin 4-cü mərhələsinin təməli atılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.