REGİONLAR
Gəncənin mərkəzi hissəsində drenaj sistemi qurulur, piyada keçidləri inşa olunur VİDEO
Gəncə, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin mərkəzi prospektlərində yağış sularının ötürülməsi məqsədilə drenaj sistemi qurulur. İlkin olaraq şəhərin Heydər Əliyev prospektində 800 metr, Nizami Gəncəvi prospektində isə 360 metr məsafədə inşaat işlərinə başlanılıb.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, drenaj sisteminin qurulmasında məqsəd son dövrlərdə sürətlə inkişaf edən şəhərin infrastrukturunu təkmilləşdirmək, eləcə də küçə və prospektlərdə intensiv yağış sularından mühafizə tədbirlərini gücləndirməkdir.
Hazırda Heydər Əliyev prospektinin şəhərin mərkəzindən keçən hissəsində asfalt qatı qazılaraq, boru xətlərinin yenilənməsi prosesi davam edir. Tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra yağış suları drenajlardan süzülərək borular vasitəsilə Gəncə çayına töküləcək, prospektlərin asfalt qatı isə kiçik daş plitələrlə əvəzlənəcək.
Həmçinin layihəyə əsasən, prospektdə iki yeraltı piyada keçidi də istifadəyə veriləcək. Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan yeraltı keçid 3 çıxışlı olmaqla Gəncə Dövlət Universitetinin əsas binasını Şah Abbas Məscidi və tikilməkdə olan “Gəncə Mall” ticarət mərkəzi ilə birləşdirəcək.
Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən ikinci keçidin isə Gəncə Dövlət Filarmoniyasına və “Majestic Palaz” oteli istiqamətinə çıxışı olacaq.
Ümumilikdə, hər iki keçidin istismara verilməsi şəhərin mərkəzi prospektində nəqliyyatın intensivliyini, sakinlərin isə təhlükəsizliyini təmin edəcək. İnşaat işlərinin cari ilin birinci rübündə yekunlaşması nəzərdə tutulub.