REGİONLAR
Gəncənin park və xiyabanlarının yaşıllaşdırılması davam etdiriləcək
Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC
Platanus, Kiparis, Tuya, Kedr, Marqareta ... Bunlar Gəncə sakinlərinin əsl adını bilmədiyi, lakin hər gün yanından keçərkən gözəlliyinə vurulduğu, şəhərin parklarını, xiyabanlarını bəzəyən ağac, gül və çiçək kollarıdır. Şəhərdə istər oksigen ehtiyatının tənzimlənməsində, istərsə də landşaftda estetik gözəlliyin və müxtəlifliyin yaradılmasında həmin bitkilərin olduqca böyük rolu var.
Gəncənin park və xiyabanlarının yaşıllaşdırılması demək olar ki, şəhər Yaşıllaşdırma şöbəsinin Gülçülük təsərrüfatının hesabına ödənilir.
Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinin rəisi Nazlı Bağırova AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda idarənin 8 hektara yaxın ərazisində müxtəlif tinglər, gül çilikləri və çoxsaylı dekorativ kollar becərilir.
Yaz mövsümündə şəhərdə, ümumilikdə, 125 mindən çox müxtəlif növ ağacın əkilməsi təmin olunub. İlin sonuna qədər daha 50-60 min ağacın şəhərin müxtəlif yerlərində əkilməsi nəzərdə tutulur.
Bitkilərin becərilməsi və onlara aqrotexniki qulluğun göstərilməsindən danışan Nazlı Bağırova qeyd edib ki, təsərrüfatda ağac, gül və çiçək kollarının artırılması əsasən toxum və qələm vasitəsilə həyata keçirilir. Təsərrüfatda 65 min ədəd Eldar şamı, 25 min xan Çınarı, bir neçə adda 30 min qızıl gül kolu, sarmaşıq və müxtəlif çiçəklərin becərildiyi yaşıllıqlara gün ərzində 40-a yaxın əməkdaş tərəfindən qulluq göstərilir. Sahənin becərilməsində mövsümi işlə təmin olunan işçilərin əməyindən də istifadə olunur.
Nazlı Bağırova bildirib ki, böyük ərazisi olan təsərrüfatın suvarılması subartezian quyusu vasitəsilə həyata keçirilir. Bitkilərin inkişafını təmin etmək və torpaq qatında münbitlik yaratmaq üçün əsasən çay qumundan və təbii gübrələrdən istifadə olunur.
Qış aylarında bitkilərin becərilməsi istixanalarda davam etdirilir. Hazırda yaşıllaşdırma təsərrüfatında 14 istixana mövcuddur. Burada becərilən ağac tingləri və gül çilikləri damcı üsulu ilə suvarılır ki, bu üsul da həm bitkinin kök sisteminin, həm də boyunun yaxşı inkişaf etməsinə müsbət təsir göstərir.
Artıq 40 ildir yaşıllaşdırma təsərrüfatında çalışan sahə rəisi gələcəkdə güllərin və ağac tinglərinin əkin sahəsini genişləndirmək niyyətində olduqlarını da qeyd edib.