REGİONLAR
Gəncənin səhiyyə işçiləri valideyn himayəsindən məhrum olan körpələrin bayramını təbrik ediblər
Gəncə, 1 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Səhiyyə İdarəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı körpələr evində bayram şənliyi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov körpələrə göstərilən diqqət və qayğıdan danışıb. Professor deyib ki, hər il mütəmadi olaraq bu fidan balalar ziyarət edilir. Şəhərin səhiyyə işçiləri həm onların qayğısına qalır, sağlamlıqları ilə məşğul olur, həm də qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa çalışırlar.
Əlikram Məmmədov onu da vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim körpələrə diqqət və qayğı göstərir, onların sağlam və firavan böyümələri üçün mühüm qərarlar qəbul edirlər. “Bu gün körpələr evində yaradılan yüksək şərait bunun bariz nümunəsidir. Biz də öz növbəmizdə bu balaca fidanlara bacardığımız köməkliyi və yardımı etməklə bir az da olsa, onlara valideyn qayğısını və istiliyini verməyə çalışdıq", - deyə Əlikram Məmmədov qeyd edib.
Sonra fidan balalar şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbirdə balacalara hədiyyələr və müxtəlif oyuncaqlar paylanılıb.