CƏMİYYƏT
Gənclər Azərbaycanın inkişafında böyük rol oynayırlar VİDEO
Bakı, 2 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
Bu gün Azərbaycan gəncləri ölkəmizin inkişafında böyük rol oynayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikir Fövqəladə Hallar Nazirliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səslənib.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, bu gün ölkəmizin bütün qurumlarında olduğu kimi, Fövqəladə Hallar Nazirliyində də gənclərə böyük diqqət və qayğı göstərilir. FHN-in kollektivinin böyük bir hissəsini gənclər təşkil edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında ölkəmizin bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu deyib. O, Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev daim gənclərə diqqət və qayğı göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclərin məşğulluğunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz rolunun olduğunu bildirib, Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında Ümummilli Liderin xüsusi əməyinin olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını qeyd edən Vüsal Quliyev deyib ki, bu gün Azərbaycan gəncliyi üçün hər cür şərait yaradılıb. Azərbaycan gənclər siyasəti sahəsində mühüm uğurlar qazanıb.
Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gənclərə xalqa xidmət istiqamətində gördükləri işlərdə uğurlar arzulayaraq deyib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra gənclər xüsusi diqqət və qayğı ilə əhatə olunub. Gənclərimizə qayğı bir ənənədir və bu gün Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir.
FHN rəhbərliyi adından gəncləri təbrik edən E.Mirzəyev vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Gənclərimizə qayğı bir ənənədir. FHN əməkdaşlarının 60-70 faizini gənclər təşkil edir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasında FHN-in bu gənc əməkdaşları da yaxından iştirak etməyə hazırdır. E.Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamın bütün xalqımızda, xüsusilə də gənclərimizdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.