REGİONLAR
Gənclər Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər
İsmayıllı, 21 aprel, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında Böyük Vətən müharibəsində cəbhəyə gedərək faşizmə qarşı döyüşən veteranlarla gənclərin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq od-alovun içindən sağ-salamat evlərinə qayıdan insanları Qələbənin 70 illiyi münasibətilə təbrik edib.
Onların həyat yolunun gənclər üçün örnək olduğunu vurğulayan M.Sadıqov bu gün ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından, eləcə də gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Görüşdə veteranlardan Bəyi Mirzəyev, Bilal Əliyev, Müsənnif Əkbərov, Abbasəli Abbasov, Niyaz Ağayev çıxış edərək cəbhə xatirələrindən danışıb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda veteranlara hədiyyələr təqdim olunub.