CƏMİYYƏT


Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Bakı, 19 iyun, Həsrət Mahmudova, Şahin Hüseynzadə, AZƏRTAC

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıb. O deyib ki, əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycanı 1920-ci ilin aprelindəkindən daha böyük fəlakət gözləyirdi. Vətəndaş müharibəsi, xaos, separatizm ilə üzləşən Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, xalqını, millətini sevən Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanı üzləşdiyi böyük fəlakətdən xilas etdi. Müasir müstəqil Azərbaycan Ulu Öndərin müdrik siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi.

Bildirilib ki, gənclərlə bağlı məsələlər hər zaman Ümummilli Liderin siyasətinin əsas tərkib hissələrindən biri olub. Ulu Öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.

Hər bir xalqın tarixində taleyüklü əlamətdar günlərin olduğunu bildirən gənclər və idman naziri Azad Rəhimov deyib ki, 15 İyun - Milli Qurtuluş Günü də Azərbaycan xalqının tarixində belə önəmli günlərdəndir. Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan inkişaf etdikcə, dünyada söz, nüfuz sahibinə çevrildikcə Milli Qurtuluş Gününün əhəmiyyəti daha aydın şəkildə görünür. Heydər Əliyev uzaqgörən siyasətçi, dahi rəhbər kimi həm də ölkəmizdə milli barışıq, sülh yaradan şəxsiyyət kimi tarixə düşüb. O, eyni vaxtda iqtisadiyyat və diplomatiya, mədəniyyət və dövlət təhlükəsizliyi, gənclər və idman, kənd təsərrüfatı və digər sahələrin inkişafına nail olmuş şəxsiyyət idi. Azərbaycanın dünəni, bu günü ilə fəxr edən, sabahını yaradan Ulu Öndər ölkənin xilas edilməsi missiyasını üzərinə götürdü və bunu uğurla yerinə yetirdi. Heydər Əliyev müstəqil Azərbaycanın inkişafında gənclər siyasətinin xüsusi yer almasını təmin etdi, onun əsaslarını yaratdı və diqqət mərkəzində saxladı. Ulu Öndər ən çətin dövrdə - 1993-cü ilin sentyabrında ilk görüşlərindən birini məhz gənclərlə keçirdi, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Dahi rəhbərin təşəbbüsü və iştirakı ilə keçirilən I Respublika Gənclər Forumu gənclərin müzakirələrdə iştirakına, xalq və dövlətçilik naminə ictimai fəallığına, potensialının reallaşdırılması üçün şəraitin yaradılmasına böyük təkan verdi.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirildi. Dövlətimizin başçısı gənclərin sağlamlığına, asudə vaxtlarını səmərəli keçirmələrinə, onlarda müasir dünyagörüşün formalaşdırılmasına önəm verir. Olimpiya-idman komplekslərinin, gənclər evlərinin, müasir idman qurğularının tikilib onların istifadəsinə verilməsi bunun bariz nümunəsidir. Məhz Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsidir ki, idmançılarımız böyük uğurlar qazanırlar, medallarımızın sayı ildən-ilə artır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar Azərbaycanın dünyada tanınmasında böyük rol oynayır. Azərbaycanda keçirilən I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi bu Oyunların qısa müddətdə hazırlanaraq yüksək səviyyədə keçirilməsini təmin etdi.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə Azərbaycanın ən çətin vaxtlarında xalqın istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə böyük önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biri olub.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonda Azərbaycan tarixində yeni və parlaq səhifə açıldı. Son 25 ildə Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib və regionun lider dövlətinə çevrilib. Ölkəmizin inkişafında gənclərin də rolu böyükdür. Gənclərimizin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, aktivliyinin artırılması istiqamətində fəaliyyət bundan sonra da geniş şəkildə həyata keçiriləcək. Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasəti nəticəsində uğur qazanan məhz gənclik olacaq.

Yusuf Məmmədəliyev vurğulayıb ki, Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bilavasitə göstəricisidir. Biz bütün gənclər bir araya gələrək bu etimadı doğruldacağıq. Məqsədimiz Azərbaycan gənclərini sağlam, vətənpərvər və milli dəyərlərə sadiq görməkdir. Gənclərimiz işğal altında olan torpaqlarımızın azad edilməsinə hər zaman hazır olmalıdırlar. Bu gün informasiya müharibəsində də cəmiyyətimizin fəal üzvləri kimi gənclərin üzərinə böyük vəzifə düşür.

Müstəqilliyinin ilk illərində Azərbaycanda gərgin ictimai-siyasi şəraitin olduğunu qeyd edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov həmin dövrdə Azərbaycanda anarxiya və xaosun, hərc-mərcliyin baş alıb getdiyini, ölkə iqtisadiyyatının tənəzzülə uğradığını, Ermənistanın Azərbaycana hərbi təcavüzünün daha da şiddətləndiyini söyləyib. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, belə bir vəziyyətdə o dövrkü hakimiyyətin gənclərlə məşğul olmağa nə vaxtı, nə həvəsi, nə də səriştəsi var idi. Azərbaycanda dövlət gənclər siyasəti yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı.

Tahir Süleymanov Ümummilli Liderin 1993-2003-cü illərdə 43 dəfə gənclərlə bağlı tədbirlərdə iştirak etdiyini, çıxışlarında onlara dəyərli tövsiyələr verdiyini, on il ərzində gənclərlə bağlı 20 fərman, sərəncam və qanun imzaladığını diqqətə çatdırıb. Vurğulayıb ki, MDB ölkələrinin rəhbərləri arasında gənclərlə ən çox görüşən, onların problemlərinə ən çox diqqət ayıran məhz ulu öndər Heydər Əliyev idi.

Ulu Öndərin dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan T.Süleymanov qeyd edib ki, Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müasir infrastruktur, o cümlədən gənclər evləri, təhsil mərkəzləri, mədəniyyət müəssisələri, idman kompleksləri yaradılıb.

Sonra çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, xüsusilə onun gənclər siyasətinin uğurlu nəticələrindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi uğurlar məhz Ümummilli Liderin adı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.