REGİONLAR


Gənclər Günü Bərdədə təntənəli şəkildə qeyd olunub

A+ A

Bərdə, 2 fevral, AZƏRTAC

Gənclər Günü münasibətilə fevralın 2-də Bərdədə bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Bərdənin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güllər düzüb, Ulu Öndərin xatirəsini yad ediblər.

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti barədə məlumat verib, gənclərimizin respublikamızda aparıcı qüvvələrdən olduğunu vurğulayıb.

Qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bir parçasıdır ki, paytaxtda və regionlarda gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Gənclərimiz həmişə öz fikirləri və kreativ ideyaları ilə fərqlənirlər. Bu təbəqədən olan insanlar həmişə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir, Azərbaycanın təbliği istiqamətində fəallığı ilə seçilirlər.

Azərbaycanın regionda söz sahibi olduğunu, irimiqyaslı layihələrin təşəbbüsçüsü kimi çıxış etdiyini vurğulayan A.Şahbazov ölkəmizin möhtəşəm yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Sonra bərdəli gənclərin uğurlarından bəhs edən videoçarx nümayiş olunub.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov bildirib ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və müsbət rolunu oynayır.

“Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, onun konturlarının cızılması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb. 1996-cı il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral - Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkənin aktiv gəncliyini bir araya gətirən forumlar isə davamlı olaraq bir neçə ildən bir reallaşdırılır və özündə cəmiyyətin inkişaf istiqamətlərini səciyyələndirən vacib qərarlar alınır”, - deyə Tofiq Eyvazov əlavə edib.

Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov bildirib ki, gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Burada elə təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar.

Sonra T.Eyvazov Bərdədə idmanın inkişafı, gənclərin idmana cəlb olunması və kütləviliyə nail olunması istiqamətində gördüyü işlərə görə karate-do üzrə məşqçi-müəllim Nurəddin Əliyevə Gənclər və İdman Nazirliyinin Əməkdar məşqçi döş nişanını və biletini təqdim edib.

Öz növbəsində N.Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenada qazandıqları uğurlardan, həmçinin bərdəli atletlərin nailiyyətlərindən danışıb.

Daha sonra rayonun fəal gəncləri məruzə ilə çıxış ediblər.

Gənclər Günü münasibətilə şagirdlər arasında keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə Bərdə çempionatının mükafatçılarına fəxr fərman və hədiyyələr təqdim olunub. Həmçinin rayonun fəal gənclərinə fəxri fərmanlar verilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.