QAN YADDAŞI
Gənclər Quba Soyqırımı Memorial Kompleksinə yürüş ediblər
Bakı, 1 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı birgə təşkilatçılığı ilə bir qrup gənc Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib.
GTM-dan AZƏRTAC-a bildiriblər ki, yürüşdən əvvəl gənclərlə keçirilən görüşdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımı siyasəti haqqında geniş söhbət aparılıb. 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımlar zamanı on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, 1918-ci ilin martında hakimiyyəti ələ keçirən bolşevik-daşnak qüvvələri Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırımı törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. 1920-ci ilin mayından 1921-ci ilin noyabrınadək Azərbaycanda ermənilər tərəfindən 50 minədək insan qətlə yetirilib.
Sonra yüzlərlə gəncin iştirakı ilə yürüş keçirilib, soyqırımı qurbanlarının xatirəsi anılıb.