CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurası beynəlxalq konfransda təmsil olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gənclər Forumunun üzvü olan gənclər milli şuralarının nümayəndələrinin iştirakı ilə “Böhran müddətində sosial hüquqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Aysun Zeynalova təmsil edib.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, konfrans gənclərin sosial hüquqlarının qorunması, Avropaya üz tutan qaçqın və məcburi köçkün gənclərin bu məsələlərin həllində rolunun artırılması məqsədilə keçirilib.
Tədbirin açılış mərasimində Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Sofiya şəhərinin təhsil, mədəniyyət və elm üzrə komitəsinin sədri Malina Edreva və bolqarıstanlı deputat Stoyan Mirçev çıxış ediblər.
Konfransda gənclərin sosial yardımla təmin olunmasında mövcud çətinliklər və onların həlli, suriyalı qaçqınlara sosial yardım və digər mövzularda müzakirələr aparılıb. Yekunda müzakirələrin nəticələrinin təqdimatı olub.
Konfrans çərçivəsində, həmçinin “Avropada gənclərin sosial hüquqları” mövzusunda panel iclası da keçirilib.