REGİONLAR
Gənclər Vətənin keşiyində dayanmağı özləri üçün şərəf sayırlar
Salyan, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Salyandakı Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon icra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Ulu öndərin adını daşıyan mərkəzdə onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Salyan və Neftçala rayonlarından şəhid ailələrinin, müharibə veteranlarının, məktəblilərin qatıldığı tədbirdə ölkəmizdə ordu quruculuğu, gənclərin həqiqi hərbi xidmətə hazırlanması sahəsində əldə olunan uğurlardan söhbət açılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətləri konkret faktlarla diqqətə çatdırıb. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsindən əsas məqsəd güclü ordu quruculuğu prosesinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq, qəhrəmanlıq nümunələrinin təbliği yolu ilə gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirməkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin regionun aparıcı ordusuna çevrildiyini deyən Z.Abdullayev bildirib ki, hər kəs Vətənin müdafiəsinə hazır olmalıdır.
Çıxışlarda ölkəmizin artan hərbi qüdrəti, aparılan islahatların ordu quruculuğuna müsbət təsiri xüsusi qeyd olunub.
Gənclər Vətənin keşiyində dayanmağa hazır olduqlarını və bunu özləri üçün şərəf saydıqlarını bildiriblər.
Sonra çağırışaqədər hazırlıqda fəallıq göstərən şagirdlərin, şəhid ailələrinin nümayəndələrinin və çağırışaqədər hazırlıq rəhbərlərinin bir qrupuna mükafat verilib.
Tədbir Vətənə, qəhrəmanlığa həsr edilən bədii hissə ilə başa çatıb.