CƏMİYYƏT


Gənclər arasında endemik ur xəstəliyi artmaqdadır

Bakı, 25 may, AZƏRTAC 

Qalxanabənzər vəzi embrional dövrdən başlayaraq insanın həyatı boyu orqanizmin normal həyat fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayır. Bu orqanın patologiyaları ölkəmiz üçün çox aktual problemlərdəndir. Belə ki, bəzi dağ və dağətəyi regionlar, misal üçün Naxçıvan, Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən endemik ur ocağı sayılır. Son zamanlar qalxanabənzər vəzin patologiyalarının rast gəlmə tezliyi artmaqdadır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə Yer kürəsində 300 milyon insan ur və hipotireozlu xəstə kimi qeydiyyata alınıb və bu yüksək göstəricinin azalmasına doğru tendensiya müşahidə olunmur. Yod çatışmazlığı insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur. Bu zaman endemik ur, hipotireoz, cinsi yetişkənliyin ləngiməsi, fertilliyin azalması, sonsuzluq, ginekoloji patologiyaların rastgəlmə tezliyinin yüksəlməsi, hamiləliyin və doğuşun gedişində ağırlaşmalar, tez-tez düşüklər və ölü doğuşlar, anadangəlmə anomaliyalar, fiziki və əqli inkişaf geriliyi baş verir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov bildirib.

Həkim deyib: “Qalxanabənzər vəzin fəaliyyətinin artması hipertireoz, azalması isə hipotireoz adlanır. Hipertireozun, yəni tireoid hormonların artıqlığının bir çox əlaməti var. Bunlar nəbzin sürətlənməsi və güclənməsi, aritmiya, yəni ürək ritminin pozulması, ürək nahiyəsində ağrı, təngnəfəslik, qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsidir. Bundan əlavə, bu problem kişilərdə potensiya, yəni cinsi zəiflik, qadınlarda isə ginekoloji problemlərlə nəticələnə bilər. Bu patologiyalar daim aclıq fonunda çəkinin azalması, uzunmüddətli hərarət, quru və isti dəri, bərəlmiş gözlər və əllərin əsməsi ilə də müşahidə oluna bilər.

Ümumiyyətlə əhali arasında qalxanabənzər vəzin düyünlərinin rastgəlmə tezliyi olduqca artıb və ultrasəs müayinəsi zamanı yetkin əhalinin 13-67 faizində bu hala rast gəlinir. Qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkənlərə isə çox nadir hallarda rast gəlinir. Bunlar bütün xərçəng xəstəliklərinin təxmini 1 faizini təşkil edirlər. Tiroid düyünlərinin 5 faizinin bədxassəli olduğu bilinməkdədir. Bu nahiyədə düyün aşkar edildikdə əsas məsələ onun xoş və ya bədxassəli olduğunu aydınlaşdırmaqdır. Bu, incə iynə aspirasion biopsiya üsulu ilə icra olunur. Müayinə prosesi barədə öncədən xəstələrə məlumat verilir və sonra icra olunur. Sadə bir müayinə üsuludur və lazımsız cərrahi əməliyyatların qarşısını alır.

Bizim müşahidə etdiyimiz xəstə qrupunda əsasən qalxanabənzər vəzin xroniki iltihabı xəstəliyi olan –xroniki tireoiditə (Haşimoto tireoiditi) daha çox rast gəlinir. Bu xəstəliyin artmasında həm ətraf mühitin, ekologiyanın çirklənməsi, həm qida məhsullarının tərkibinin dəyişilməsi, stress kimi bir sıra faktorlar mühüm rol oynayır. Çox vaxt bu xəstəlik özünü hipotireoz əlamətləri ilə büruzə verir. Son illərdə gənclərdə bu xəstəlik artmaqdadır. Xəstəliyin diaqnostikası həm xəstənin şikayətləri, həm də laborator və ultrasəs müayinə vasitəsilə qoyulur. Bu xəstələr isə əsasən əvəzedici hormon müalicəsi alırlar”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.