REGİONLAR
Gənclər bələdiyyə seçkilərində fəal iştirak etməli, öz seçki hüquqlarından bəhrələnməlidirlər
Ağcabədi, 18 dekabr, AZƏRTAC
Ağcabədidə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin (İB) həyata keçirdiyi “Bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılması” layihəsi çərçivəsində tədbir keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılmasına dəstək göstərmək və onların seçkilərində fəal iştirakına təkan verməkdir.
Tədbirdə ilk dəfə səs verəcək gənclərə və gənc seçicilərə Azərbaycanda seçkilərin əsas prinsipləri, seçki prosesi ilə bağlı qanunvericilik aktları, bələdiyyə seçkilərinin əsasları, bələdiyyələrin fəaliyyətində beynəlxalq təcrübə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, səsvermə qaydaları, səsvermə prosesinin mərhələləri haqqında ətraflı məlumat verilib. Çıxış edənlər regionlarda keçirilən belə tədbirlərin əhəmiyyətindən və gənclərin ictimai-siyasi həyatdakı rolundan danışıblar. Bildirilib ki, gənclər bələdiyyə seçkilərində fəal iştirak etməli, öz seçki hüquqlarından bəhrələnməlidirlər.
Müzakirə şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.