ELM VƏ TƏHSİL
Gənclər bioloji müxtəlifliyin səmərəli istifadəsinə dair məlumatlandırılıblar
Bakı, 10 avqust, AZƏRTAC
Yerli bioloji müxtəlifliyin qorunması, təbii ehtiyatların səmərəli istifadəsinə ictimai dəstək göstərilməsi istiqamətində fəaliyyətlər dövrün tələbidir. Bu sahədə dövlətimiz tərəfindən mühüm addımlar atılır.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, AMEA-nın institutlarının dəstəyi ilə “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi hazırlanıb və icra edilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsi çərçivəsində gerçəkləşdirilib. Layihənin icra edilməsində AMEA-nın Dendrologiya İnstitutunda, Mərkəzi Nəbatat Bağında və Zoologiya İnstitutunun müzeyində bu elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərini də cəlb etməklə maraqlı tədbirlər həyata keçirilib. Tədbirlərə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsinin tələbələri cəlb edilib.
Layihənin icrası nəticəsində cəlb edilən kontingent, Bakı məktəblərinin şagirdləri, ictimaiyyət bioloji müxtəliflik, onun dəyərləri, səmərəli istifadəsi və bu tipli digər məsələlərlə bağlı məlumatlar əldə etmək imkanı qazanıblar. Layihənin məqsədləri üzrə uzunmüddətli dövr üçün mühüm baza olacaq materiallar (bukletlər, informasiya vərəqləri, CD-lər, prezentasiyalar və s.) hazırlanıb, gənclərə biomüxtəlifliyin, ətraf mühitin qorunmasının, bitkilərə və heyvanlara qayğıkeş münasibətin vacibliyi aşılanıb.