REGİONLAR
Gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevriliblər
Zaqatala, 29 yanvar, AZƏRTAC
Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. 1996-cı ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumunun keçirilməsi ölkəmizdə gənclər təşkilatlarının işinin əlaqələndirilməsində mühüm rol oynayıb. Sevindirici haldır ki, bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclər siyasəti ilə bağlı imzalanan Fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə yanvarın 29-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Gənclər gələcəyimizdir” mövzusunda “dəyirmi masa”da səsləndirilib.
Rayonun fəal gənclərinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı gənclər birliyinin üzvlərinin, ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu bildirib, rayon gənclərinin qazandıqları uğurlardan bəhs edib.
“Dəyirmi masa”da çıxış edənlər gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının daha da artdığını, onların cəmiyyətimizin fəal qurucularına və aparıcı qüvvəsinə çevrildiyini vurğulayıblar.
Tədbirin sonunda rayon gənclərinin 2014-cü ildə qazandıqları uğurlardan bəhs edən film nümayiş etdirilib.