REGİONLAR
Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər
Masallı, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 2-də Masallı Şəhər Mədəniyyət Mərkəzində Gənclər Gününə həsr olunmuş ümumrayon tədbirində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ölkəmizdə dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərə həsr olunmuş sənədli filmə baxıblar.
Toplantıda Gənclər Günü ilə bağlı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafovun məruzəsi dinlənilib.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanırlar.
Gənclərin dostu və himayədarı olan Prezident İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün gənclərimiz özünü arxayın, güvənli hiss edirlər.
Tədbirdə çıxış edən Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarlı, Masallı Dövlət Regional Kollecinin müəllimi Günay Əhmədzadə, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov və başqaları Masallı gənclərinin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından danışaraq qeyd ediblər ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı hər bir Azərbaycan gəncinə stimul verir, onları ölkəmizin inkişafı istiqamətində atılan addımlarda fəal olmağa səsləyir.
Toplantıda ictimai-siyasi, təhsil, idman, elm, mədəniyyət və digər sahələrdə fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
X X X
Fevralın 2-də Gənclər Günü münasibətilə Astara şəhərindəki Gənclər Evində keçirilən bayram tədbirinin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edib.
Ə.Əliyev çıxışında Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və Gənclər Gününün təsis edilməsindən danışaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlər barədə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Elnur Qurbanlının məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən Astara şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev, Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar və xatirə hədiyyələri verilib.
Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” ansamblının ifasında konsert proqramı ilə davam edib.
X X X
Fevralın 2-də Lənkəran şəhərindəki Gənclər Evində Gənclər Gününə həsr olunmuş tədbirdə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən ətraflı söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əli Nurullayev əlamətdar gün münasibətilə rayon gənclərini təbrik edib. Ə.Nurullayev 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsinin, bir il sonra fevralın 2-nin “Gənclər Günü” kimi təsis edilməsinin gənclərimizin həyatında əlamətdar hadisə olduğunu vurğulayaraq, ölkəmizdə gənclər siyasətinin Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını bildirib.
Diqqətə çatdırılıb ki, gənclərlə iş sahəsində əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.
“Xan Lənkəran Könüllüləri” klubunun rəhbəri Mehman Əliyev çıxışında könüllü gənclərin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr barədə danışıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupu mükafatlandırılıb.
X X X
Gənclər Günü Lerik rayonunda da təntənə ilə qeyd edilib.
Fevralın 2-də Gənclər Günü münasibətilə Lerik şəhərində təşkil olunan “Gəncliyim - işıqlı sabahım” adlı tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı Gənclər Birliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov gəncləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Çıxış edənlər ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsinin ardıcıl və məqsədyönlü xarakter aldığını, Azərbaycan gəncliyinin inkişafı naminə təsdiq edilən bir çox dövlət proqramlarının uğurla icra olunduğunu, gənclərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdırıblar.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin bir qrupuna fəxri fərmanlar və diplomlar verilib.
Tədbir rayon mədəniyyət mərkəzinin musiqi kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.