REGİONLAR
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi başa çatıb
İsmayıllı, 4 fevral, AZƏRTAC
Yeniyetmə və gənclərin bədii və elmi ədəbiyyata olan meyil və maraqlarını onların potensial imkanları ilə uyğunlaşdırıb professional sahəyə yönəltmək günün ümdə məsələsidir. Bədii və elmi təfəkkürü vəhdətdə götürməklə gənclərin oxu vərdişlərini, elmi və bədii ədəbiyyata maraqlarını artırmaq zəruri tələbə çevrilib. Bunu nəzərə alan AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihə reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, fevralın 4-də İsmayıllıda layihənin yekun tədbiri keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin, Prezident yanında Gənclər Fondunun, rayon Təhsil Şöbəsinin, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə yeniyetmə və gənclər, məktəb direktorları, müəllimlər və ziyalılar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı danışıb.
Akademik İsa Həbibbəyli layihə barədə məlumat verərək, bədii və elmi ədəbiyyatın milli-mənəvi və ümumbəşəri dəyərlərin mənimsənilməsindəki rolundan, ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söz açıb.
Tədbir çıxışlarla davam etdirilib, layihənin aktuallığı diqqətə çatdırılıb.
Məktəblilər və yaradıcı gənclər şair Musa Yaqub, Davud Aslan, Baba Vəziroğlu və Maarif Soltan yaradıcılığından nümunələr söyləyiblər.
Sonda təlim iştirakçılarına sertifikatlar verilib, müsabiqə qalibləri diplomlarla mükafatlandırılıblar.