ELM VƏ TƏHSİL


“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi şagirdlərin təfəkkürünün inkişafına yönəlib

Bakı, 7 fevral, AZƏRTAC

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə reallaşan “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihə 2016-cı ilin noyabrından etibarən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı rayonunda həyata keçirilib. Şagirdlərin elmi və bədii təfəkkürünün inkişaf etdirilməsi, onların elmi yaradıcılıq qabiliyyətlərinin, intellektual potensialının daha da artırılması məqsədilə rayon məktəblərində sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirlər təşkil olunub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı, professor, Əməkdar Elm Xadimi Mirdaməd Sadıqov layihənin əhəmiyyətini qeyd edib.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən elm və ədəbiyyat siyasətindən, AMEA-da aparılan islahatlardan söz açıb.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elminin və ədəbiyyatın inkişafı sahəsindəki fəaliyyətindən bəhs olunub, “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin bu sahədə böyük əhəmiyyət daşıdığı, məktəblilərin elmə və bədii yaradıcılığa həvəsləndirilməsində rolu diqqətə çatdırılıb.

Həmçinin regionlarda elmin, təhsilin və bədii yaradıcılığın inkişafında ziyalıların üzərinə düşən vəzifələrdən danışılıb.

Ədəbiyyat İnstitutunun əməkdaşı, layihənin rəhbəri Gülnar Yunusova başa çatmış proqramın mühüm nəticələri və əsas statistik göstəriciləri barədə məlumat verib. Layihənin təlimçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva təlimlərin yekunlarından və qarşıda duran vəzifələrdən bəhs edib.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov “İsmayıllı ədəbi mühiti” mövzusunda məruzəsində rayonun tanınmış şair və yazıçılarının yaradıcılığını təhlil edib.

Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov layihənin icrası prosesində yaranan əməkdaşlıq münasibətlərinin yeni nəslin formalaşmasında əhəmiyyətini vurğulayıb.

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov, Topçu kənd məktəbinin direktoru Xavər Allahverdiyeva, Təzəkənd kənd məktəbi direktorunun müavini Ağalar Bədəlov layihə çərçivəsində keçirilmiş tədbirlərdən, şagird elmi cəmiyyətinin, ədəbiyyat dərnəklərinin, dərsdənkənar tədbirlərin müasir imkanlarından söz açıblar.

Sonra müxtəlif məktəblərdə təhsil alan və ədəbiyyat həvəskarı olan şagirdlər İsmayıllı şairlərinin şeirlərini səsləndiriblər.

Sonda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olunub. İnşa müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar verilib.

Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunan və sərgidə nümayiş etdirilən 200-dən çox kitab və jurnal Heydər Əliyev Mərkəzinə, məktəb kitabxanalarına və şagirdlərə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.