REGİONLAR
Gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşüblər
Masallı, 11 iyul, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamına müvafiq olaraq Masallı şəhərindəki Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev ordu sıralarına yola düşən gəncləri təbrik edib, onlara uğurlu hərbi xidmət arzulayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edildiyini, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir ordunun formalaşdığını bildirib.
Hərbi xidmətə yola düşən gənclərin Vətənə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edən R.Hüseynov gənclərə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçuların qisasının alınmasını arzulayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, valideyn Şərafət Şükürov, hərbi çağırışçı Ceyhun Əmirli və başqaları çıxış edərək, Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.
Mərasimdə rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilib.
Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.