CƏMİYYƏT
Gənclər milli maraqlarımızın müdafiəsi naminə özlərini daim inkişaf etdirməlidirlər
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi (ASGA) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası: Gələcəyə baxış” mövzusunda tədbir keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək Prezident İlham Əliyevin yanvarın 26-da imzaladığı Sərəncamla təsdiq olunan Strategiyanın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan dövlətinin yürütdüyü gənclər siyasətinin, o cümlədən bu sahədə həyata keçirilən çoxsaylı layihələrin müsbət nəticələri göz qabağındadır. Təsadüfi deyil ki, son dövrlər istər dövlət idarəçiliyində, istərsə də özəl sektorda gənc kadrlar önə çəkilir, dövlətin idarə olunmasında onların potensialından istifadə edilir.
Bildirilib ki, Strategiya Azərbaycan gəncliyinə daha da inkişaf etmək, peşəkar kadr kimi yetişmək üçün əlavə imkanlar yaradacaq. Buna görə də gənclər dövlətimizin başçısının diqqət və qayğısının məsuliyyətini dərindən dərk edərək milli maraqlarımızın müdafiəsi naminə özlərini daim inkişaf etdirməlidirlər.
“Etika Akademiyası”nın rəhbəri Günel İbrahim, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə və digərləri Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, ölkəmizin mənafeləri naminə gənclərimizin imkanlarından geniş istifadə olunması, onlarda milli vətənpərvərlik hisslərinin gücləndirilməsi və vətəndaşlıq mövqeyinin formalaşdırılması baxımından Strategiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər.
ASGA Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu Strategiyada xaricdə yaşayan gənclərimizə də xüsusi diqqət ayrıldığını vurğulayıb.
Sonda ASGA tərəfindən ilin fəal gənclərinə mükafatlar təqdim olunub.