REGİONLAR
Gənclər narkomaniya əleyhinə maarifləndirilir
Goranboy, 26 may, Rauf Hacıyev, AZƏRTAC
Goranboyda “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Goranboy rayon komissiyasının iştirakı ilə rayon və Qızılhacılı qəsəbəsinin 2 nömrəli tam orta məktəblərində “Sağlam ol, gələcəyini düşün!” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayon Təhsil Şöbəsinin, Mərkəzi Xəstəxananın, Gənclər və İdman İdarəsinin nümayəndələri, həmçinin məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən olduğunu bildirib, gəncləri bu bəlalardan qorumaq üçün onların maarifləndirilməsinin zəruriliyini vurğulayıblar.
Sonda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılıb, mövzu üzrə müzakirələr davam etdirilib.