REGİONLAR
Gənclər radikal meyillərdən qorunmalıdır
Mingəçevir, 13 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Yeniyetmə və gəncləri milli ruhda tərbiyə etməyə çalışmalı, onları yad təsirlərdən qorumalıyıq. Azərbaycan dövləti bu istiqamətdə işini yüksək səviyyədə qurub. Şagirdlərin vətənpərvər ruhda tərbiyəsi, onların elmi, intellektual, mənəvi, fiziki cəhətdən inkişafı daim pedaqoji kollektivin diqqət mərkəzində olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər 4 nömrəli orta məktəbdə keçirilən “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbirdə səsləndirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev, şəhər Təhsil Şöbəsinin nümayəndəsi Elza Qəniyeva, ilahiyyatçı Müşfiq Nəcəfov, məktəbin direktoru Azər Qazıyev çıxış edərək, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin çox əhəmiyyətli və zamanın çağırışına cavab verən mühüm addım olduğunu bildiriblər.
Məruzələrdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərin tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması üçün birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə “Fitnə” filmi nümayiş etdirilib və sonra film ətrafında müzakirələr aparılıb.