CƏMİYYƏT
Gənclər sahibkarlığın inkişafı ilə bağlı debatlar aparırlar
Bakı, 28 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2016” layihəsi silsilə tədbirlərlə davam edir.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində 2010-cu ildən etibarən davamlı olaraq keçirilən, respublikanı əhatə edən ən genişmiqyaslı debat çempionatı olan Respublika Gənclər Debat Forumu hər mövsüm ictimai aktuallıq daşıyan məsələləri gənclərin müzakirəsinə buraxır. Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün mühüm addımlar atılır. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində vacib amillərdən biridir.
Bunu nəzərə alaraq, Forumun “Payız” mövsümü gənclərin sahibkarlıq sahəsində məlumatlılığının artırılması məqsədilə sahibkarlığın inkişafında proteksionizm siyasətinin rolu mövzusunda keçirilir.
Forum çərçivəsində Şəki, Mingəçevir, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində Regional Debat forumları keçirilib. Bakı şəhərində ali təhsil müəssisələrində “Bakı Gənclər Debat Forumu”nun payız mövsümünə hazırlıqlar, Şəmkir, Qusar, İsmayıllı və Biləsuvarda isə respublika forumunda təmsil olunacaq komandalar ilə məşq prosesi davam edir.
Yekun mərhələ, bağlanış və mükafatlandırma mərasimi 11 regionu təmsil edəcək komandaların iştirakı ilə dekabrın 8-9-da Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində keçiriləcək.