CƏMİYYƏT


“Gənclər siyasəti haqqında” Qanunda dəyişikliklər ediləcək

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Milli Məclisin gənclər və idman komitəsinin iclasında “Gənclər siyasəti haqqında” Qanunda dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Fuad Muradov qanun layihəsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dövlətimizin başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasət mövcud qanunda dəyişikliyi zəruri edir. Qanunda edilən dəyişikliklər barədə məlumat verən komitə sədri bildirib ki, sənədin əsas anlayışlar hissəsinə bir neçə yeni müddəalar əlavə ediləcək.

Qanun layihəsinə əsasən gənclər siyasətinin məqsəd və prinsipləri maddəsinə “gənclərin maraq və ehtiyaclarının nəzərə alınması” məzmununda 3.2.5-ci, “gənclər siyasətinin formalaşması, həyata keçirilməsi və qiymətləndirilməsi prosesində gənclərin iştirakının təmin edilməsi və onların rəyinin nəzərə alınması” məzmununda 3.2.6-ci, “gənclərin təhsil alması və əmək fəaliyyətinə başlaması üçün şərait yaradılması” məzmununda isə 3.2.7-ci maddələr əlavə olunacaq.

Təklif edilən dəyişikliklərə əsasən aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, onların məişət problemlərinin həlli, regionlarda yaşayan gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin keçirilməsi, aztəminatlı, çətin həyat şəraitində olan gənclərin sosial, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclərin könüllü fəaliyyətinin həvəsləndirilməsi, gənclər arasında cinayətkarlıq və digər hüquqazidd meyillərin azaldılması, gənclərin fərdi inkişafı üçün qeyri-formal təhsil imkanlarının təmin olunması, onların idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması, gənclərin inkişafı, yeni biliklərin əldə olunması məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia sahəsindən istifadənin təmin olunması üçün tədbirlərin təşkili gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələridir.

Həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gənclərin formalaşması məqsədilə onlara tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə, şans və mərc oyunlarında birbaşa və ya dolayı iştirak, eyni zamanda, onların himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında olması qadağan edilir.

Sənədə əlavə olunan yeni 6-1-ci maddədə deyilir: “Dövlət əlilliyi olan gənclərin yaradıcılıq potensialının reallaşması, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, çətin həyat şəraitində olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dəstəyin müxtəlif modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir”.

Qanuna əlavə edilən 10.4-cü maddədə bildirilir ki, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil edilir. Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

İclasda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müasir dünyada qlobal çağırışlar “Gənclər siyasəti haqqında” Qanunda dəyişikliyi zəruri edir. O deyib ki, dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmilləşdirməyə ehtiyac yaranıb.

Müzakirələr zamanı deputatlar təklif edilən dəyişikliklərin əhəmiyyətini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.