SİYASƏT
Gənclər siyasəti üzrə I qlobal forum Küveyt mətbuatının diqqət mərkəzində
Küveyt mətbuatı Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum, həmçinin bu ölkənin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın ölkəmizə səfəri haqqında məlumatlar yayıb.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, “Kuwait Times”, “Arab Times”, “Əl-Ray”, “Əl-Vatan” və digər aparıcı qəzetlərdə dərc edilən məqalələrdə, KTV-1, KTV-2 və Əl-Ray televiziya kanallarında yayılan süjetlərdə nazirə istinadən onun Azərbaycana səfərdən məmnun olduğu, paytaxt Bakıda gördüyü sürətli inkişafa heyran qaldığı qeyd edilib, forumun bütün dünyada gənclər siyasətinə müsbət təsir göstərəcəyinə əminliyi diqqətə çatdırılıb. Bakıda keçirdiyi yüksək səviyyəli görüşlərdən məmnunluğunu bildirən küveytli nazir forumun uğurlu nəticələrinin olacağına inandığını söyləyib.
Küveytin “Əl-Siyəsə” və “Əl-Nahar” qəzetlərində isə Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransı barədə məlumatlar yer alıb. Məlumatlarda Azərbaycanın dünyada tanınan neft-qaz ölkəsi olduğu, bu ölkədə proqnozlaşdırılan qaz ehtiyatlarının 3,35 trilyon kubmetr, neft ehtiyatlarının isə 2 milyard ton həcmində qiymətləndirildiyi qeyd olunub.