QAN YADDAŞI
Gənclər tariximizin qara səhifələrini unutmamalıdırlar
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə iqtisadiyyat və sənaye fakültəsinin dekanı Asiman Quliyev 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımından, xalqımızın üzləşdiyi tarixi faciələrdən danışıb. Bu cür anma tədbirlərinin tələbələrin təşəbbüsü ilə keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran A.Quliyev gənclərə azərbaycanlıların soyqırımı barədə yalnız martın 31-də deyil, hər zaman düşünməyi, faciələrimizi unutmamağı, tariximizə sahib çıxmağı tövsiyə edib. O, tələbələri Azərbaycan həqiqətlərinin dünyaya yayılması məqsədilə sosial medianın imkanlarından daha geniş istifadə etməyə çağırıb.
Digər çıxış edənlər soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü, mart soyqırımı ilə yanaşı, ermənilərin xalqımıza qarşı törətdikləri bütün vəhşilikləri, vandalizm aktlarını unutmamağın vacibliyini vurğulayıblar.