REGİONLAR
Gənclər təşkilatı “Kənd təsərrüfatı ili”nə dəstək verir
Bakı, 1 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi “Karyera Planlama Xidməti” layihəsi çərçivəsində Ağcabədi rayonunda yerləşən iri fermer təsərrüfatı olan “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Belə ki, Mərkəz bu ildən etibarən sözügedən fermer təsərrüfatının kadr potensialı ilə təmin edilməsini və onların hazırlanmasını öz üzərinə götürür.
Gənclər üçün Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak edən Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə 2015-ci ilin Azərbaycanda Respublikasında “Kənd təsərrüfatı ili” elan olunduğunu, Mərkəzin bu işdə öz töhfəsini əsirgəmədiyini və görüləcək işlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Mərkəz bu sahədə bütün fəaliyyətini məhz regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını rəhbər tutaraq həyata keçirir.
"BMS AQRO" MMC-nin icraçı direktoru Svetlana Məmmədova öz növbəsində bu əməkdaşlığın Ağcabədi gəncləri üçün faydalı olacağını, həmçinin gənclərin təhsil aldıqları müddətdə istehsalat təcrübəsi əldə edəcəyini, onlar üçün yeni iş imkanlarının açılacağını vurğulayıb.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi bu əməkdaşlıq heç bir kommersiya fəaliyyəti daşımayaraq, regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.