İQTİSADİYYAT


Gənclər təşkilatları “Elektron hökumət” sahəsi üzrə maarifləndirilir

Bakı, 5 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində gənclərin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə seminar keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün keçirilən seminarda “Elektron hökumət” portalı, dövlət elektron xidmətləri haqqında geniş məlumat verilib.

Portaldan AZƏRTAC-a bildirilir ki, Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə keçirilən seminarda mərkəzin direktor vəzifəsini icra edən Rauf Cabbarov “Elektron hökumət” quruculuğu üzrə aparılan işlər barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini, proseslərin ictimai müstəvidə inkişafının elektron xidmətlərin istifadəsindən bilavasitə asılı olduğunu bildirib.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerindən arayış”, “Sığorta olunana məlumatın verilməsi”, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Mobil cihazların qeydiyyata alınması” və “POÇTAP - itirilmiş sənədlərin axtarışı” elektron xidmətləri portal üzərindən vətəndaşlara göstərilib, elektron arayışlar test edilib.

Seminarın növbəti sessiyasında elektron sənəd və elektron imza, o cümlədən elektron imzanın növləri, tətbiq sahələri diqqətə çatdırılıb, elektron imzalama prosesi əyani olaraq göstərilib. Eyni zamanda, daşıma və istifadə baxımından daha rahat olduğu üçün vətəndaşların USB-Token formasında təqdim olunan elektron imzaya daha çox üstünlük verdiyi vurğulanıb. Qeyd edilib ki, bununla belə, kart daşıyıcıda olan imza sertifikatlarına tələbat var, çünki əksər vətəndaşlar bu zaman əldə etdikləri kart-oxuyucunu digər smart kartların da oxunmasında istifadə edirlər.

Müzakirələrlə davam edən seminarda elektron mühitin inkişafı ilə bağlı təkliflər də səsləndirilib.

Seminarda iştirakçılara “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.