SİYASƏT
Gənclər təşkilatları Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb
Bakı, 6 iyul, AZƏRTAC
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı iyulun 5-də bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir. Bəyanatda deyilir:
“İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bütün Azərbaycan ictimaiyyətini, o cümlədən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin üzvlərini hiddətləndirib. Təxribat xarakterli bu vəhşilik aktı Ermənistan dövlətinin, Ermənistan hərbi-siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərib.
Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücumlar beynəlxalq hüquq və insan haqlarının, uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Artıq 29 ildir ki, müstəqil Azərbaycanın torpaqlarının iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərin azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir. Üstəlik Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir.
Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni-yeni terror fəaliyyətlərinə həvəsləndirir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin tapşırığına əsasən erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi beynəlxalq qurumlardan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarını qınamağı, işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması üçün qərarlar qəbul etməyi tələb edirik”.
#Karabakh #NKpeace #stoparmenianaggresion #armenia #AllforKarabakh #KarabakhNow #WorldMedia #armeniaNow #Knowarmenia #Stoparmenia #OSCE #OSCEMG