MƏDƏNİYYƏT
“Gənclər üçün turizm məktəbi” layihəsinə başlanılıb
Bakı, 22 fevral, AZƏRTAC
“Gənclər Turizmi” İctimai Birliyi “Gənclər üçün turizm məktəbi” layihəsinə başlayıb. Layihə fevralın 27-dən martın 1-dək həyata keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a məlumat verilib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq layihənin məqsədi gənclər arasında turizmə maraq yaratmaqdır. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək və onların elektron turizm sahəsinə maraqlarını artırmaq və turizmin davamlı inkişafına cəlb etməkdən ibarətdir.
Hazırda turizm ölkəmiz üçün vacib sektorlardan biridir. Bu layihə ilə gənclərə turizmin önəmi və perspektivləri çatdırılmağa səy göstəriləcək.
Həyata keçiriləcək turizm məktəbində gənclərin və bu sahədə fəaliyyət göstərən turizm mütəxəssislərinin iştirakı ilə Azərbaycanın turizm sektoru innovativ nöqteyi-nəzərdən incələnəcək, bu sahədə elektronik ticarətin inkişaf perspektivləri müzakirə olunacaq.
Layihə çərçivəsində keçiriləcək təlimlər ölkənin qabaqcıl turizm şirkətlərinin mütəxəssisləri və professional təlimçilər tərəfindən aparılacaq.
Təlim proqramını uğurla başa vuran iştirakçılar bu sahədə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərində iştirak etməyə dəvət olunacaqlar.