CƏMİYYƏT
Gənclər və idman naziri Azad Rəhimov “AmCham”ın üzvləri ilə görüşüb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı, “PwC” şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, qurumun icraçı direktoru Natəvan Məmmədova son və qarşıda duran hadisələrdən danışıb, həmçinin Palatanın vergi, gömrük və səyahət, hotelçilik və turizm komitələrinə yeni sədrlərin təyinatı barədə elan edib.
Tədbir çərçivəsində “PwC” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Olqa Qriqye Avropa və Azərbaycanda iqtisadi vəziyyətlə bağlı məruzə ilə çıxış edib.
Nazir Azad Rəhimov Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" üzrə Qran-pri yarışlarının növbəti mərhələsindən danışıb. Qeyd edib ki, İslam Həmrəylik Oyunlarında 20 idman növü üzrə 5 min idmançı iştirak edəcək, yarışlar ölkənin 16 idman arenasında keçiriləcək.
A. Rəhimov əlavə edib ki, beynəlxalq standartlara cavab verən "Atletlər kəndi" idmançıları qəbul etməyə hazırdır.
“Əminəm ki, möhtəşəm idman hadisəsinin şahidi olacağıq. Azərbaycan ilk Avropa Oyunları, "Formula-1" üzrə Qran-pri yarışları və digər iri idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş ölkə kimi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək", - deyə nazir bildirib.
Nazir onu da vurğulayıb ki, 50 ölkənin iştirak edəcəyi bu oyunlar Azərbaycan xalqı üçün nəhəng beynəlxalq idman hadisəsinin bir hissəsi olmaq şansıdır. Avropa Gimnastika Şurasının İcraiyyə Komitəsinin qərarına əsasən, 2018-ci ildə Azərbaycan batut gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edəcək.
A. Rəhimov "AmCham" ilə gələcəkdə də əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, "AmCham" Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 250-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir.