CƏMİYYƏT
Gənclər və idman naziri İsmayıllı şəhərində vətəndaşları qəbul etmişdir VİDEO
İsmayıllı, 18 aprel (AZƏRTAC). Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 18-də gənclər və idman naziri Azad Rəhimov İsmayıllıda vətəndaşların qəbulunu keçirmişdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayonlarından 40-a yaxın vətəndaş iştirak etmişdir.
Qəbula gələnlərin müraciətlərinin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olmuşdur.
Nazirə ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə əlaqədar müraciətlər də edilmişdir.
Qəbulda qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapmışdır. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Bu, nazir Azad Rəhimov tərəfindən keçirilən sayca 14-cü vətəndaş qəbuludur. İsmayıllıdan əvvəl nazir Lənkəran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallı şəhərlərində vətəndaşları qəbul etmişdir.
İsmayıllıda keçirilən qəbul da daxil olmaqla nazir Azad Rəhimov, ümumilikdə, 560-dan çox vətəndaşı qəbul etmişdir.