İDMAN
Gənclər və idman naziri Qəbələdə vətəndaşları qəbul edib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər.
Qəbul zamanı 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı nazir Azad Rəhimova müraciət edib.
Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət təşkilatlarının yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin lazımi avadanlıqla təmin olunması və yeni mərkəzlərin açılması, “Bakı-2015” ilk Avropa Oyunlarına könüllülərin cəlb edilməsi və s. ilə bağlı olub.
İdman sahəsindəki müraciətlər fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının avadanlıqla təmin edilməsi, yeni Olimpiya İdman komplekslərinin tikilməsi və digər məsələləri əhatə edib.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.
Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.