REGİONLAR
Gənclər və idman naziri Qəbələdə vətəndaşları qəbul edib VİDEO
Qəbələ, 21 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu həyata keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul avqustun 21-də Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilib. Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Şəki, Zaqatala, İsmayıllı və Qəbələ rayonundan olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vədəndaşların müraciəti daha çox fəxri adların və idman dərəcələrinin verilməsi, stadionların yeni idman avadanlığı ilə təminatı, xarici ölkələrdə keçirilən idman yarışlarına ezamiyyə, idman zallarının tikilməsi, gənclərlə bağlı QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi , işlə təminat və digər məsələlərlə bağlı olub.
Nazir Azad Rəhimov bildirib ki, qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların idman və gənclər sahəsində üzləşdikləri problemlərlə yerində tanış olmaqdan, onların araşdırılması və həllinə dair tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Qəbulda 30-a yaxın vətəndaş iştirak edib və onları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra nazir Azad Rəhimov rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.