REGİONLAR
Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Quba, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 26-da gənclər və idman naziri Azad Rəhimov Quba şəhərində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından olan 30-a yaxın vətəndaş iştirak edib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla əlaqədar olub.
Gənclər sahəsində edilən müraciətlər sırasında qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı məsələlər yer alıb.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətləri əhatə edib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.