REGİONLAR
Gənclər və idman naziri Şirvanda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Nazirliyin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı üçün kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.
Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında yer alıb.
İdman sahəsində edilən müraciətlərə isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.