CƏMİYYƏT
Gənclər velosipedin avtomobildən daha yaxşı olduğunu iddia edirlər
Bakı, 20 iyul, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Sağlam Həyat Kuboku" Açıq Debat Turniri keçirilib. Turnirdə 5 ali təhsil müəssisəsindən debatçılar müzakirələrə qoşulub.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, “Velosiped avtomobildən daha yaxşıdır” mövzusunda keçirilən turnirin əsas məqsədi gənclər arasında velosiped idmanına marağın artırılması, təbliği, sağlam həyat tərzinin formalaşdırılması və ekoloji problemlərə diqqət çəkməkdir. Debat raundlarında iştirak edən gənclər maraqlı fikirlər səsləndiriblər. Raundların sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən "No Doubt Division" komandası turnirin qalibi olub.
Turnirin bağlanış və mükafatlandırma mərasimində qalib komanda ilə yanaşı, turnirin ən yaxşı natiqləri və ən yaxşı hakimi açıqlanıb. Turnirin ən yaxşı natiqi Azərbaycan Dillər Universitetinin tələbəsi Turan Məmmədli, ikinci ən yaxşı natiqi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nilufər Niftəliyeva, üçüncü ən yaxşı natiqi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Ruslan Sadiqov, turnirin ən yaxşı hakimi isə Həmid Babayev, eləcə də qalib və finalçılar mükafatlandırılıb.
Xatırladaq ki, DVC-nin aparıcı proqramlarından biri olan “Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayonunu və böyük şəhərləri əhatə edir. Bu günədək Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40 mindən artıq gənc iştirakçı olub.