QAN YADDAŞI
Gənclərdə möhkəm milli yaddaş formalaşdırılmalıdır
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anma tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADİU-nun rektoru, professor Ədalət Muradov Azərbaycanın XX əsrdə dörd dəfə erməni millətçiləri tərəfindən etnik təmizləmə və deportasiyaya məruz qaldığını söyləyib. 1918-ci ilin mart qırğını da xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilib və xalqımızın ermənilər tərəfindən soyqırımına məruz qaldığı ilk dəfə rəsmi surətdə bəyan edilib. Rektor vurğulayıb ki, biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq.
Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri dəhşətləri unutmaq qeyri-mümkündür. Biz erməni terror təşkilatlarının törətdikləri cinayətlərin təkrar olunmaması üçün milli birlik nümayiş etdirməliyik.
Sonra tələbələrin hazırladığı videoçarx təqdim olunub, azərbaycanlıların soyqırımı barədə müxtəlif dillərdə məlumat verilib.