REGİONLAR
Gənclərdən ibarət könüllü qrup Sumqayıt şəhərində təmizliyin qorunub saxlanılmasına yardımçı olacaq
Sumqayıt, 5 iyul, AZƏRTAC
Sumqayıt şəhərində təmizliyin qorunub saxlanılmasına yardım məqsədilə gənclərdən ibarət könüllü qrup yaradılıb.
AZƏRTAC xəbər verir ki, könüllər qrupu Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılıb.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gənc könüllülərlə görüşüb. Sumqayıtın tarixinə nəzər salan şəhər rəhbəri qeyd edib ki, 67 yaşlı gənclik şəhərinin artıq 500 minə yaxın əhalisi var. Cənubi Qafqazın əsas sənaye şəhərlərindən olan Sumqayıtda müxtəlif kimya müəssisələri fəaliyyət göstərib. Bu zavodlar öz istismar dövrünü başa vuraraq yararsız hala düşüb. Bütün bunlara baxmayaraq, hazırda Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən sözügedən müəssisələrin yerində müasir sənaye müəssisələri yaradılır.
Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində gənclərin işlə təmin olunması prioritet məsələlərdəndir. Açılan yeni iş yerlərinə əsasən sumqayıtlı gənclər cəlb olunur.
Qeyd olunub ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Sumqayıtda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Gündən-günə gözəlləşən şəhərdə yeni inzibati binalar, sosial obyektlər tikilərək istifadəyə verilir. Həmçinin mövcud mədəniyyət, təhsil və səhiyyə ocaqları yenidən qurulur. Şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Sumqayıtda dəniz kənarında müasir bulvar kompleksi yaradılıb. 4,2 kilometr uzunluğu olan bulvarda lazımi infrastruktur qurulub. Z.Fərəcov yaradılan bütün bu gözəlliyi qorumaq üçün gənc könüllüləri yardımçı olmağa çağırıb.
Çıxış edən gənclər şəhərin inkişafı üçün görülmüş işlərə görə minnətdarlıqlarını bildirib, Sumqayıtda quruculuq işlərində yaxından iştirak etmələri üçün üzərlərinə düşən vəzifələrdən danışıblar. Diqqətə çatdırılıb ki, bu günlərdə İspaniyanın Madrid şəhərində Sumqayıt Bulvarının “İnternational Award for Excellence & Liadership” mükafatına layiq görülməsi qürurverici haldır.
Görüş dialoq şəklində davam edib. İcra hakimiyyətini başçısı könüllülərin təkliflərini dinləyib, onları maraqlandıran suallara aydınlıq gətirib.