İDMAN
Gənclərdən ibarət taekvando üzrə Azərbaycan millisi “Serbia Open” turnirində 6 medal qazanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Gənclərdən ibarət taekvando üzrə Azərbaycanın milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən “Serbia Open” beynəlxalq turnirində 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, milli komandamız “G1” kateqoriyalı yarışda 12 idmançı ilə təmsil olunub. Yarışda Azay Qənbərli (45 kq) bütün rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun finaldakı rəqibi komanda yoldaşı Bəhruz Quluzadə olub. Digər taekvandoçulardan Qasım Maqomedov (55 kq) və Ələsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurublar. Turnirdə mübarizə aparan Əli Məmmədovun (59) və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.
Yarış Belqradın “Pioner” idman arenasında keçirilib.
Komandamız Vətənə oktyabrın 31-də qayıdacaq.
Azərbaycan milli komandası noyabrın 16-20-də Kanadada keçiriləcək gənclər arasında dünya birinciliyində də iştirak edəcək.