ELM VƏ TƏHSİL
Gənclərimiz ABŞ-da təhsillə bağlı məlumatlandırılıblar
Bakı, 21 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC
Oktyabrın 21-də Bakıda “Education USA” mərkəzinin təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq təhsil üzrə Amerika Şurasının birgə dəstəyi ilə “Amerika təhsil sərgisi” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilinin məqsədi azərbaycanlı gəncləri ABŞ-da təhsil almaq imkanları ilə bağlı məlumatlandırmaqdır.
Sərgidə ABŞ-ın 14 universitetinin nümayəndələri iştirakçılara təmsil etdikləri ali təhsil müəssisələrinin proqramları və fəaliyyəti haqqında ətraflı məlumat verib, bu ölkənin ali təhsil ocaqları ilə bağlı material və bukletlər paylayıblar.
Tədbirdə iştirak edən, ABŞ-ın Azərbaycandakı səfiri bildirib ki, hazırda Amerikada 400 azərbaycanlı tələbə təhsil alır. Ölkəniz müstəqillik əldə etdikdən sonra ümumilikdə altı mindən çox azərbaycanlı tələbə ABŞ-ın müxtəlif proqramları vasitəsilə təhsil alıb. Bu tələbələr qazandıqları bilik sayəsində karyeralarında uğurlar qazana və Azərbaycanın inkişafına töhfələr verə bilərlər. ABŞ-ın universitetlərində təhsil alan tələbələr müxtəlif sahələrin sirlərinə yiyələnirlər.