QAN YADDAŞI
Gənclərimiz erməni vəhşiliklərini unutmamalıdırlar
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 20–ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə ziyalılar, gənclər və məktəb şagirdləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə soyqırımının şahidləri olmuş Xocalı sakinləri çıxış edərək o dəhşətli gecədə baş vermiş qanlı hadisələrdən danışmışlar. Qeyd olunmuşdur ki, 1992-ci ildə fevralın 25-dən 26–na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 336-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinin üzərinə hücum etmişlər. Xocalı artilleriya atəşinə tutulmuş, əhali şəhəri tərk etmək məcburiyyətində qalmışdır.
Erməni quldurları əvvəlcədən hazırladıqları plana əsasən əhalinin yolunu kəsib soyqırımı aktı törətmişlər. Xocalı əhalisindən 613 nəfəri öldürülmüş, 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüş, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Vəhşicəsinə qətlə yetirilmiş 613 nəfərin 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri isə qocalar olmuşlar. Bu faciədə 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Tədbirdə Respublika Veteranlar Şurasının məsul katibi Əlfayım İsmayılov çıxış edərək tarixə nəzər salmış, erməni millətçilərinin Vətənimizə qarşı həmişə işğalçılıq siyasəti yürütdüklərini bildirmişdir. Qeyd edilmişdir ki, bu gün ölkəmiz elə bir inkişaf səviyyəsinə yüksəlmişdir ki, artıq heç bir mənfur qüvvənin Azərbaycana hücum etməyə cəsarəti çatmaz. Bununla yanaşı, gənclərimiz erməni faşistlərinin törətdikləri cinayətləri unutmamalıdırlar.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotoşəkillər nümayiş etdirilmiş, Seyid Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.