CƏMİYYƏT
“Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin üzvləri yeni layihələr barədə fikir mübadiləsi aparıblar
İB-dən AZƏRTAC-a bildiriblər ki, birliyin sədri Ceyhun Hüseynov yeni yaradılmış təşkilatın bütün üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov da gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirərək birliyin fəaliyyəti üçün rayonda yaradılmış geniş imkanlardan söz açıb.
Daha sonra İB-nin üzvləri gələcək planlar və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar. Gənclər əsas diqqəti hərbi vətənpərvərlik, “Bakı-2015” ilk Avropa Oyunları, “Gəncə-2016” Avropa Gənclər Paytaxtı və digər aktual mövzularla bağlı layihələrə yönəldiblər.
Sonda Birlik üzvləri Gənclər Evində yaradılan şəraitlə tanış olublar.
Birlik Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ötən il Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasında keçirilən yay məktəbinin iştirakçısı olmuş bir qrup fəal gənc tərəfindən təsis edilib. İB-nin yaradılmasında əsas məqsəd gənclərin sağlam həyat tərzinə və idmana həvəsləndirilməsi, onların şəxsiyyət kimi formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili işinə töhfə verməkdir.