REGİONLAR


Gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub

Şahbuz, 19 iyun, AZƏRTAC

“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək, ekskursiyanın keçirilməsində məqsədin muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması və bu ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq, muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılması olduğunu bildirib.

Sonra Şahbuz Dövlət Təbiət Qoruğunun direktor müavini Mürsəl Seyidov gənclərə qoruq haqqında ətraflı məlumat verib. Bildirib ki, qoruqda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazidə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Azərbaycan Respublikasında qeydə alınmış 360-dan çox quş növündən Şahbuz dövlət təbiət qoruğunun ərazisində Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və s. məskunlaşıb. Qoruğun ərazisində qonur ayı, porsuq və vaşaqa da rast gəlinir.

Gənclər qoruğun ərazisində yerləşən informasiya mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri, Batabat Astrofizika Rəsədxanası ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.