REGİONLAR
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris səviyyəsi müzakirə olunub
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində orta ümumtəhsil məktəbləri hərbi rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris səviyyəsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçən konfransda muxtar respublikanın təhsil naziri Məmməd Qəribov qədim diyarda təhsilə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, muxtar respublikada tikilən və ya əsaslı şəkildə yenidən qurulan ümumtəhsil məktəbləri ən yeni informasiya texnologiyaları ilə yanaşı, müasir tələblərə cavab verən hərbi kabinələrlə də təchiz olunur. Həmin kabinələr şagirdlərin hərbi biliklərinin artırılmasına xidmət edən əyani vəsaitlərlə təmin edilirlər.
Qeyd olunub ki, hərbi rəhbərlərin biliklərinin artırılması, Əlahiddə Ümumqoşun Ordusunda olan silah və texnikalarla, eyni zamanda, hərbi xidmətkeçmə haqqında əsasnamə ilə onların tanış edilməsi məqsədilə bu il martın 23-dən 26-dək Naxçıvan şəhərindəki “N” hərbi hissədə hərbi rəhbərlərin təlim toplantısı keçirilib. Bununla yanaşı, bu il aprelin 23-də muxtar respublika ümumtəhsil məktəblərində işləyən 201 hərbi rəhbərə mövsümi geyim forması verilib. Muxtar respublikada bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. Elə bunun nəticəsidir ki, bu sahə üzrə təhsil almaq məqsədilə ali hərbi məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən məzunların sayı ilbəil artmaqdadır. Belə ki, 2016-cı ildə məzunlardan 191 nəfəri xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 63 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanovun, Əlahiddə Ümumqoşun Ordu komandanının şəxsi heyət üzrə müavini, general-mayor Vasif Kazımovun, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Elman Orucovun və digərlərinin çıxışları olub.
Çıxışlarda muxtar respublikanın tam orta məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.