ELM VƏ TƏHSİL
Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul müsabiqəsi
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də 42 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, keçiriləcək müsabiqədə iştirak etmək üçün 95 nəfərin müraciəti qeydə alınıb.
Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün müsabiqəyə qatılan şəxslər ixtisaslarına dair 40 sualdan ibarət test tapşırığını bir saat ərzində cavablandıracaqlar.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları və tabelik üzrə təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda (istefada) olan zabitlər işləyə bilərlər.