CƏMİYYƏT


Gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində “Fitnə” filmi xüsusi rol oynayır

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC 

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Fitnə” filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Cavanşir Paşazadə, din xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar “Fitnə” filmini izləyiblər.

Çıxış edən Şəmsəddin Hacıyev “Fitnə” filminin gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını bildirib. Qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də İslamın mahiyyətinin təhrif edilməsi və müsəlman ölkələrinin inkişafının qarşısının alınması üçün dini radikalizmdən istifadə edilir. İslam dini əslində günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır. Dini radikalizmlə və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları vacib şərtlərdəndir.

Eldar Əzizov çıxışında dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirib. O, filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini deyib. Qeyd olunub ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq ənənələri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır. M.Qurbanlı dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, bununla bağlı respublikanın bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitablar və digər çap materialları nəşr edilərək yayılır.

Tədbirdə digər çıxış edənlər də filmin əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.